BAKALAVRİAT - QƏBUL QAYDALARI

Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.

Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət ali təhsilin hər bir səviyyəsində təhsil alanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Təkrar ali təhsil ödənişli formada vətəndaşlar, həmçinin müəssisə, təşkilat və idarələrlə Universitet arasında bağlanmış fərdi müqavilələr əsasında əyani və qiyabi təhsil formalarında həyata keçirilir. Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun ödənilir. Təhsili müvəffəqiyyətlə başa vuranlara bakalavr ali peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilir. Təkrar ixtisasa qəbul tələbələrin yay tətilində həyata keçirilir.

Əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir: təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında;təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında; təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında; təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında.
Sosial şəbəkələrdə paylaş: