ADAU Türkiyənin Ege Universiteti ilə birgə 4 ixtisas üzrə beynəlxalq ikili diplom proqramlarına tələbə qəbulu elan edir

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq olunmuş protokola uyğun olaraq 2020/2021-ci tədris ilində bakalavriat səviyyəsində “Aqronomluq”, “Bitki mühafizəsi”, “Aqromühəndislik” və “İqtisadiyyat” ixtisaslarına beynəlxalq ikili diplom proqramları üzrə yalnız dövlət sifarişi əsasında (ödənişsiz) tələbə qəbulu elan edir.

Tələbələrin qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılır.

Hər iki ali təhsil müəssisəsinin diplomlarının verilməsi ilə yekunlaşan tədris və təcrübə prosesinin bir hissəsi Ege Universitetində təşkil olunacaqdır. Bundan başqa, dərslər hər iki ali təhsil müəssisəsinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılacaqdır. Tələbələrin təhsil müddətində bütün xərclər Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına ödəniləcəkdir. Bu xərclərə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Ege Universitetində təhsil, yay məktəbində və istehsalat təcrübəsində iştirak xərcləri daxildir. Tələbələr aylıq stimullaşdırıcı təqaüdlə təmin olunacaqlar.

Qeyd edək ki, Ege Universiteti Türkiyənin 20 May 1955-ci il tarixində nəşr olunan 6595 saylı Qanunu ilə 9 Mart 1956 ildə, İzmir şəhərində Ege bölgəsinin ilk, Türkiyənin 4-cü universiteti olaraq fəaliyyətə başlamışdır. Təhsilin keyfiyyətinə görə nəinki Türkiyədə, hətta dünyada tanınan bu ali təhsil müəssisəsində 70 minə yaxın tələbə təhsil alır. Universitet beynəlxalq reytinqlərdə – “Times Higher Education (THE) World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” cədvəllərində yer almışdır.

ADAU Türkiyənin Ege Universiteti ilə birgə 4 ixtisas üzrə beynəlxalq ikili diplom proqramlarına tələbə qəbulu elan edirADAU Türkiyənin Ege Universiteti ilə birgə 4 ixtisas üzrə beynəlxalq ikili diplom proqramlarına tələbə qəbulu elan edir
Sosial şəbəkələrdə paylaş: